Ziyalı ailədə dünyaya göz açmış İlham Əliyevin həyatına ailə amili böyük təsir etmiş, daim şərəf və məsuliyyət hissi ilə bu soyadı yüksəklərə qaldırmışdır. Aldığı təhsil peşəkar fəaliyyətə və böyük siyasətə yol açmış, gənc yaşlardan idarəetməni incəliyinə qədər öyrənmiş və bu gələcək peşə fəaliyyətinə də böyük təsir etmişdir.
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Hələ Azərbaycan Respublikasının prezidenti olmadan öncə İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi, 1991-1994-cü illər ərzində özəl biznes sahəsində və bir sıra istehsal-kommersiya müəssisələrində rəhbər kimi, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü kimi, 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini kimi, 2005-ci ildə isə partiyanın sədri kimi önəmli vəzifələrdə çalışmışdır. İlham Əliyev 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Eyni zamanda 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməyə də prezident seçilməmişdən öncə başlamış İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və AŞPA-nın Büro üzvü olaraq bu mötəbər kürsüdə ilk azərbaycanlı kimi əyləşmişdir. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Fəaliyyəti müddətində yüzlərlə təltif və mükafatlara layiq görülmüş Prezident İlham Əliyev bütün mükafatların fövqündə Azərbaycan xalqının sevgi və etibarını daha önəmli saydığını, hər zaman xalqın dəstəyinə güvəndiyini dəfələrlə vurğulamışdır.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Azərbaycan dövlətinin, cəmiyyətinin bütün sahələrində geniş inkişafa nail olmuş Prezident İlham Əliyev gələcəyə hesablanmış effektiv dövlət siyasətinin xeyir-duasını Ulu Öndərdən almışdır.
Həqiqətən də bu gün Azərbaycan son 200 illik tarixinin ən möhtəşəm illərini yaşayırsa bu cənab Prezident İlham Əliyevin bacarıqlı siyasətçi olmasının məhsuludur. Dünyanın diqqətini cəlb edən tədbirlər Azərbaycana daha xoşbəxt gələcək vəd edir.
İşğaldan azad olunmuş, ərazi bütovlüyü təmin edilmiş müzəffər Azərbaycan dövləti hər bir azərbaycanlının qəlbində özünə sevgi mülkü qurmuş möhtərəm Prezidentimiz İlham Əliyevlə birgə gələcəyə inamla addımlayacaq!