Son 20 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, respublikada həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarının çoxalması deməyə əsas verir ki, ötən dövr ölkənin inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi nailiyyətlər, əldə edilən uğurlar hesabına respublikamız bütün sahələrdə sürətlə inkişaf edir.
Bu dövrdə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. 2023-cü ilin gözləntilərinə görə, 2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Bu ilin sonuna nisbətən isə 20 ildə artım 17,6 dəfə təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı proqnozlaşdırılır. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən ölkəmiz 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard dolları ötüb. Bu, təqribən 41 dəfə artım deməkdir. Həmçinin Mərkəzi Bankın valyuta ehtiyatları bu il 2003-cü ildəki 757 milyon dollardan 9,2 milyard dollara qədər artıb. Neft Fondunun aktivləri isə 820 milyon dollardan 55 milyard dollara çatıb. Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün şərait yaradıb. Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard dollar idisə, 2022-ci ildə investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 29,135 milyard manata çatıb ki, bunun da 14,9 milyard manatını (8,8 milyard dollar) xarici investisiyalar təşkil edib. İyirmi il ərzində investisiyaların ümumi həcmi 300 milyard dollar təşkil edib. Ölkəmizin xarici ticarət dövriyyəsi 2003-cü ildə 5,2 milyard, ötən il isə 56 milyard 212 milyon dollar olub. Azərbaycanın ixracı 2,6 milyard dollar səviyyəsindən 41,7 milyard dollara yüksəlib. Ötən il qeyri neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.
Onu da qeyd edək ki, ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda, 2022-ci ildə 9,5 faiz təşkil edib. Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Azərbaycan Prezidentinin ölkənin sosial həyatında atdığı inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən 20 il ərzində dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb. Əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 milyard manat (70 faiz) artaraq 6 milyard manata çatıb. Ünvanlı sosial yardım proqramına başlandığı 2006-cı ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb. Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 milyard manata çatıb.
Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. Xüsusilə də tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5300, ümumilikdə ötən dövrdə 14 min 100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
Bununla da bir daha ölkə vətəndaşının rifahının yaxşılaşdırılması istiqamətində aparılan siyasətin bariz bir nümunəsinin şahidi oluruq. Bütün bunlar Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.