Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə əlaqədar

Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il tarixdə Xankəndi şəhərində çıxışı zamanı qeyd etmişdir: “20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçmişdir. Doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin yüksək faizlə səs çoxluğunu qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciəti zamanı demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan xalqının firavanlığı yolunda çox işlər görəcəklər. Mən ona özüm qədər inanıram, güvənirəm və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan, Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Nəyi necə etməyi yaxşı bilən Prezident İlham Əliyev son 20 ildə cəmiyyətin bütövlüyünü, sabitliyi nəinki qoruyub saxladı, onu milli tərəqqinin, inkişafın hərəkətverici qüvvəsinə çevirdi.
Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.