Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimi ilə bağlı-Zəfər seçkisi

2024-cü il fevralın 7-də daha bir tarixi günü yaşadıq. Daha doğrusu, bu tarixi öz siyasi iradəmizlə, dövlətçiliyimizə və liderimizə olan sevgimizlə bir daha nümayiş etdirdik. Uğurla keçirilən növbədənkənar prezident seçkiləri istər vətəndaşlarımızın seçki fəallığı, istərsə də seçkinin nəticəsi ilə Azərbaycan xalqının növbəti qələbəsini dünyaya elan etdi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalı idi.
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Prezident İlham Əliyev Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə apardığı “exit-poll”un nəticələrinə əsasən 93,9 faiz, Sosioloji Tədqiqatlar Mərkəzinin apardığı “exit-poll”un nəticələrinə əsasən 92,4 faiz, “Rəy” Monitorinq Mərkəzi apardığı “exit-poll”un nəticələrinə əsasən 92,6 faiz seçicinin səsini qazanmışdır. Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir.
Prezident seçkilərində seçici fəallığı - 76,43 faiz, Əliyev İlham Heydər oğlunun lehinə verilmiş səslər - 4 milyon 567 min 458 səs (92,12 faiz) olmuşdur.
jpg