Noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammiti, 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Dövlətimizin başçısı İlham Əliyevin hər iki sammitdə çıxışı özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyev bu ilin fevralında keçirilmiş prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfi qarşıya qoydu ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Dünyanı narahat edən, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllində daha fəal olacağıq.
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Prezident İlham Əliyev beynəlxalq gündəlikdə duran mühüm məsələlərdən birinə – neokolonializm və iqlim dəyişmələrinə diqqəti yönəltdi.
Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu, artan dəniz səviyyəsinin, kəskin hava şəraitinin və biomüxtəlifliyin pozulmasının bu regionlara ciddi təhlükə yaratdığını, həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu diqqətə çatdırdı. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.