Yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev Kəngərli rayon ictimaiyyət nümayəndələri ilə görüşüb.
Əvvəlcə AHİK sədri Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Kəngərli rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə çay süfrəsi arxasında səmimi görüş keçirib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov da iştirak edib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qonaqları salamlayaraq bildirib ki, fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyini tam bərpa edilən şəkildə iştirak edəcək.
Görüş zamanı AHİK sədri Səttar Möhbalıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 44 günlük Vətən Müharibəsində əldə olunmuş böyük qələbənin əhəmiyyətindən danışıb.
AHİK sədri bildirib ki, rayonda tezliklə su təchizatı və kanalizasiya sisteminin qurulması, yolların asfaltlanması və Qıvraq qəsəbəsində yeni məktəb binasının tikilməsi vacibdir və bununla bağlı müntəzəm addımlar atılır.
Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.