Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu.
Noyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət etdi.
Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib.
Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.
İşğaldan öncə Qarabağın ən müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən şəhəri 27 illik işğal dövründə xarabazara çevrilmişdi. Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir.
2022-ci il oktyabrın 5-də ölkəmizdə BMT-nin Məskunlaşma Proqramın (UN-HABITAT) da iştirakı ilə ilk Milli Şəhərsalma Forumun Ağdamda keçirildi. 2022-ci ildə Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin də yenidən qurulması layihələrinə başlanıldı. “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır.” – deyə dövlət başçısı vurğulamışdı.
Qeyd edək ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan olunub.