Martın 7-də Mədəniyyət Sarayında "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək bildirib ki, bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
Daha sonra Kamal Ələkbərov tərəfindən şəhid ailələrinin üzvlərinə və rayonun ictimai siyasi həyatında fərqlənən qadınlara hədiyyələr təqdim olunmuşdur.
Tədbir Mədəniyyət Şöbəsinin və Qıvraq qəsəbə Uşaq Musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam etmişdir.