3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günü

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir.
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.