Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edərək deyirdi: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.