18 yanvar 2024-cü il tarixdə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "20 Yanvar-Tarixin Qanlı Səhifəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Havva Əsədova 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terror haqqında danışıb. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam. Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin direktoru Dilguşə Qurbanova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib.
Sonda tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsi ilə bağlı şeirlər bədii qiraət edilmişdir.