19 noyabr 2024-cü il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid əsgər Basid İdris oğlu Rüstəmovun anım günü doğulub boya-başa çatdığı Xok kəndində, müqəddəs məzarı önündə qeyd olundu.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, qazilər, hərbçilər, polislər, kənd sakinləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əvvəlcə Dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir: 44 günlük Vətən müharibəsində Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Onların qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq.
Xalqımızın ədalətli mübarizəsinin - Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir. Azərbaycan Ordusu hər gün irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi.
Daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, şəhid anaları və ataları, qazilər, hərbçilər, müəllimlər çıxış etmiş, şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda şəhidin müqəddəs məzarı ziyarət olunaraq üzərinə tər qərənfillər düzülmüş və şəhid yaxınları ilə xatirə fotoları çəkdirilmişdir.
jpg
jpg
jpg
jpg