14 iyun 2024-cü il tarixdə Kəngərli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülmüşdür.
Daha sonra Mədəniyyət Sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədr müavini Ehtimad Məmmədov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü Gülnarə İsmayılova çıxışında qeyd etmişdir ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Tədbirdə məktəblilərin ifasında şeirlər bədii qiraət olunmuş, sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Ömrün Naxçıvan aşırımları” adlı sənədli filminin nümayişi olmuşdur.