Tədbirdə İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov, Gənclər və idman idarəsinin rəisi Vüsal Hüseynov, İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi İmran Məmmədov və qazi Tural Əsədov çıxış edərək qeyd ediblər ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.