10 dekabr 2020-ci il Zəfər paradından 3 il ötür

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov:

Möhtəşəm Zəfər paradından 3 il ötür. 10 dekabr 2020-ci il tarixdə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etmişdirlər.

Möhtəşəm paradda 3000 nəfərdən çox şəxsi heyətin, 150-dək hərbi texnikanın, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin , hərbi gəmi və katerlərin nümayişi olmuşdur.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın bu haqq savaşında xalqımıza ilk andan dəstəyini verməsi, birmənalı və sərt çıxışları, birliyimizin, qardaşlığımızın təzahürü olduğunu sübuta yetirmiş və bu Azərbaycan xalqını çox sevindirmişdir. Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazi bütövlüyünü döyüş meydanında qazanmışdır. Azadlıq meydanında paradlar çox keçirilmişdir. Lakin bu paradın bizim üçün xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.

Bu Zəfər paradı bizim illər ərzində topladığımız gücün, siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində güclənən iqtisadiyyatımızın və ordumuzun qazandığı qələbənin qeyd edilməsi idi.

Bu Zəfər paradı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs kitabımız “Qurani-Kərimə” əl basaraq Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içib, verdiyi sözü yerinə yetirməsinin paradı idi.

Bu Zəfər paradı I və II Vətən müharibəsində qanı ilə torpağı suvaran oğulların qisası idi.1992-ci ildə Əsrin faciəsi-Xocalı faciəsində ləyaqəti tapdalanan vətən övladlarının ah-naləsinin intiqamı idi.

Bu Zəfər paradı Ordumuzun qəhrəman övladlarının dağlardan, dərələrdən, meşələrdən, sıldırım qayalardan Şuşaya qalxan, düşmənlə əlbəyaxa döyüşərək onu döyüş meydanında məhv edərək, düşmənin uzun illər yaratdığı mifi darmadağın edərək cəmi 44 günlük müharibədə qazanılan qələbənin paradı idi.

jpg

jpg

jpg

jpg

jpg