"09 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü" ilə bağlı tədbir keçirilib

Kəngərli Rayon Bayraq Meydanında "09 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü" ilə bağlı tədbir keçirilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə xalqımızın tarixində Heydər Əliyev şəxsiyyətinin dövlət siyasəti və idarəçilik sahəsində çoxşaxəli zəngin fəaliyyətindən bəhs edərək qeyd etmişdir ki, Ulu Öndərin şah əsəri olan Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir və yeni-yeni uğurlara imza atır. Ulu Öndər hüquqi dövlət quruculuğunda kifayət qədər işlərin görüldüyünü düşünərək deyirdi: "Biz dövlətimizin tam demokratik, hüquqi və dünyəvi bir dövlət olmasını istəyirik. Bunun üçün də dövlətimizdə demokratiyanın bərqərar olması, inkişafı və hüquqi aliliyin təmin olunması əsas vəzifələrimizdir".
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu gün müqəddəs bayrağımız Qarabağda, Qarabağın baş tacı olan Şuşada dalğalanır. Azərbaycan xalqı müharibə dövründə olduğu kimi hər zaman bir bayraq altında həmrəy olacaq, bir yumruq kimi bir-birinə bağlı olacaq.
Təhsil Şöbəsinin əməkdaşı Nilufər Rzayeva öz çıxışı zamanı bildirmişdir ki, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.
Vətən Müharibəsi iştirakçısı Ceyhun Həsənli Azərbaycan gənclərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Vətən uğrunda canlarını fəda etmələrindən, bayrağımıza hörmətlə yanaşmağın hər bir vətəndaşın müqəddəs borcu olmasından danışmışdır.
Tədbirin sonunda məktəblilərin ifasında şeirlər səsləndirilib.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg