Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, şəhid ailələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, xatirələri dərin ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Daha sonra şəhid İbrahimov Qurban Namiq oğlu haqqında təəssüratlar dinlənilib.
Qabıllı kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb.